Naxçıvan dəmir yolları şərəfli inkişaf yolu keçib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Tarixdən bu günə Naxçıvan dəmir yolları
Muxtar respublikada nəqliyyatın “qan damarı” adlanan dəmir yolu ötən dövr ərzində böyük inkişaf yolu keçib. Tarixə nəzər salsaq görərik ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisi başa çatdıqdan sonra Uluxanlıdan Culfaya dəmiryol xəttinin çəkilişinə başlanılıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında qeyd olunur ki, 1903-cü ildə Şərur və 1905-ci ildə Naxçıvan stansiyaları istismara buraxıldıqdan sonra uzunluğu 189 verst olan və Zaqafqaziya dəmir yolunun tərkibində sayılan Uluxanlı-Culfa xəttinin çəkilişi 1908-ci il yanvarın 20-də başa çatdırılıb. Yolda parovozların və vaqonların təchizatı və təmiri məqsədilə Naxçıvanda əsas parovoz deposu, Culfada isə dövriyyə parovoz deposu yaradılıb. Həmin vaxt Naxçıvanda sənayeni və nəqliyyatı inkişaf etdirmək məqsədilə Araz çayı boyunca Mincivan-Culfa sahəsində də dəmiryol xəttinin çəkilişi üçün zəruri tədbirlər həyata keçirilib. Lakin 1905-ci ildən çar hökumətinin getdikcə zəifləməsi, inqilabi hərəkatın bütün Rusiyanı, o cümlədən Azərbaycan Dəmir Yolunu bürüməsi bu kimi işlərin arxa plana keçməsinə səbəb olub. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi dəmir yolunun da işini xeyli çətinləşdirdi.
1920-ci il dekabr ayının 2-də Naxçıvan İnqilab Komitəsinin qərarı ilə dəmir yolunun Naxçıvan şöbəsi yaradılıb. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 20 oktyabr 1926-cı il tarixli Qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyasının rəsmi açılışı olub. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası fəaliyyətə başlayıb. 1936-cı ildə Ələt-Mincivan xəttinin tikintisi başa çatıb və istismara buraxılıb. Ümumi uzunluğu 126 kilometr olan Mincivan-Culfa dəmiryol xətti isə Naxçıvanı Azərbaycanın paytaxtı ilə birləşdirib. Bu sahədə yol təsərrüfatına xidmət məqsədilə həmin ilin sentyabr ayında Ordubad Yol Distansiyası yaradılıb.
İkinci Dünya müharibəsi illərində Naxçıvan dəmiryolçuları da ciddi sınaqlara məruz qalıblar. Həmin illərdə qatarların hərəkəti xüsusi hərbi qrafikə keçirilib, sərnişin daşınması məhdudlaşdırılmışdı. Müharibədən sonra, 1945-ci ilin iyulunda Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan Dəmir Yolu yaradılıb və quruculuq işləri həyata keçirilib. Bütün təsərrüfatlarda nasazlıqlar tədricən aradan qaldırılıb, yük dövriyyəsi və parovozların orta sutkalıq məhsuldarlığı yüksəlməyə başlayıb.
O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində elektrikləşmə, müasir rabitə və işarəvermə, dartı qüvvələrinin tətbiqi, lokomotiv və vaqon parklarının yeniləşməsi, yeni xətlərin çəkilişi, stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycan dəmir yolu təsərrüfatı isə diqqətsizlikdən, inkişafdan geridə qalmışdı. Çünki o vaxtkı dövrdə sənayesi bir o qədər də inkişaf etməmiş Azərbaycan aqrar respublika simasında olaraq qalırdı və dəmir yolunda inkişafın səviyyəsinə bu kontekstdən baxılırdı.
Dəmir yolu sisteminin möhkəm təməllər üzərində qurulmasında Ulu Öndərimizin misilsiz xidmətləri olub
Bir əsr yarıma yaxın dövr ərzində ölkəmizin dəmir yolları şanlı və keşməkeşli tarixi yaşayıb, respublikamızda dəmir yolu sisteminin möhkəm təməllər üzərində qurulmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Dəmiryolu təsərrüfatının ən sürətli və parlaq dövrü Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Ümummilli Liderimizin şəxsi təşəbbüsü sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Dahi rəhbərin dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi qayğı qısa zaman kəsiyində öz bəhrəsini verdi. Dəmir yolu üçün ən əsaslı sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi, yeni vağzal binaları inşa olunaraq stansiyalarda yoldəyişən və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edildi.
Muxtar respublika üzrə artan yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, eləcə də yüksək səviyyədə nəqliyyat xidmətinin təşkil edilməsi məqsədilə 1976-cı ildə dəmir yollarının İmişli stansiyasındakı mərkəzi aparatı Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə Naxçıvan şəhərinə köçürülərək Naxçıvan hissəsi kimi müstəqil fəaliyyətə başlayıb.
1988-ci ildə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsinin başa çatması nəticəsində yük və sərnişin daşınmasında elektrovoz dartısından istifadə olunmasına başlanıb.
Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası dövlətimizin başçısı tərəfindən intensiv şəkildə həyata keçirilir
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə həyata keçirilir, hər il dəmir yolu nəqliyyatı infrastrukturunun daha da müasirləşdirilməsi və dəmir yolu işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında bildirilib ki, bu gün Naxçıvan dəmir yolu infrastrukturu inkişafın yeni mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan verib. İnkişaf proqramına uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında yerləşən Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilib. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılıb. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər blokların daşınmasına başlanılıb. Dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriya istifadəyə verilib.
Dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə hər il Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat və diplom praktikası keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 26 nəfər məzun dəmir yolunun müxtəlif strukturlarında əmək müqaviləsinə əsasən müvafiq vəzifələrdə çalışır.
Naxçıvanın blokadasına son qoyulacaq, muxtar respublikada yeni inkişaf mərhələsinə başlanılacaq
Dəmir yolunun fəaliyyətinin dayandırılması ilə 30 ilədək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında yaxın gələcəkdə dəmir yolu bərpa olunacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 2020-ci il 10 noyabr tarixdə imzaladıqları Bəyanata əsasən, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilib. Tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Bununla Naxçıvanın blokadasına son qoyulacaq, muxtar respublikada yeni inkişaf mərhələsinə başlanılacaqdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu barədə danışaraq deyib: “Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər”.
Naxçıvan dəmiryolçuları bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, yükdaşıma ehtiyacını ödəməklə, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
AZƏRTAC -ın Naxçıvan bürosu