Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 35-ci ildönümü qeyd olunub
Naxçıvan, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 35-ci ildönümü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidov Naxçıvanda uşaqların asudə vaxtının səmərəli təşkilində, onların vətənpərvərlik ruhunda tərbiyəsində Kukla Teatrının mühüm rol oynadığını deyib. Qeyd olunub ki, bu günədək Kukla Teatrında 90-a yaxın tamaşa hazırlanıb. Teatrın səhnəsindən təqdim edilən əsərləri balaca teatrsevərlər maraqla izləyiblər. Nazir müavini diqqətə çatdırıb ki, teatr ötən əsrin 90-cı illərindən etibarən həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə qastrol səfərlərində olub. Kukla Teatrı Türkiyə və İranda qastrol səfərlərində, Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” adlı Beynəlxalq Kukla teatrları festivallarında, Çuvaşiyanın Çeboksarı şəhərində “Nağıllar karuseli” adlı V Beynəlxalq Kukla teatrları festivalında və “Biz hamımız eyni olmağa məcbur deyilik” adlı teatr-forumda Naxçıvanı, eləcə də ölkəmizi yüksək səviyyədə təmsil etməsi ilə muxtar respublikanın mədəni əlaqələrinin inkişafına dəyərli töhfə verib.
Həsən Seyidov Kukla Teatrının yaradılmasının 35 illik yubileyi münasibətilə teatrın kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Ramiz Orucəliyev, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, teatrın direktoru Şirzad Abutalıbov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Ələkbər Qasımov və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov çıxış edib, teatrın kollektivini təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonda Aleksey Tolstoyun “Buratinonun macəraları” əsəri əsasında hazırlanmış “Buratino” tamaşası nümayiş olunub.