NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN BƏYANATI TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Təəssüf ki, “erməni soyqırımı” haqqında əfsanəyə inananlar da tapılır. Məsələn, ötən il dekabrın 16-da İsveçrə Parlamentinin Federal Məclisi qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul etmişdir. Buna etiraz əlaməti olaraq ötən il dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları bəyanat qəbul etmişlər.
Bəyanatda İsveçrə Federal Məclisinin qondarma “erməni soyqırımı”nın tanınması barədə aktı tarixin saxtalaşdırılmasına cəhd kimi qiymətləndirmiş və bildirilmişdir ki, isveçrəli deputatlar erməni daşnakları və onların xaricdəki havadarlarının qərəzli siyasi sifarişini yerinə yetirməklə öz üzərilərinə Qafqazda vəziyyəti gərginləşdirən, ermənilərin işğalçılıq siyasətini daha da qızışdıran bir missiya götürmüşlər.
“Erməni soyqırımı” rəsmi Yerevanın qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına haqq qazandırmaq, ermənilərin iyirminci yüzillik boyu Azərbaycan və Türkiyə ərazilərində həyata keçirdikləri qanlı aksiyaları pərdələmək siyasətindən başqa bir şey deyildir. Tarixdə heç bir “erməni soyqırımı” olmamışdır.
Bəyanatda isveçrəli deputatların “erməni soyqırımı”nın tanınmasına dair aktı müstəqil dövlətlərin daxili işinə kobud müdaxilə kimi pislənmiş, Federal Məclis beynəlxalq hakim rolunu öz üzərinə götürmək kimi faydasız təşəbbüslərə son qoymağa çağırılmışdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, etiraz bəyanatı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınc bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məktub göndərmişdir. Məktubda deyilir:
“Hörmətli Sədr! İsveçrə Federal Məclisinin 16 dekabr 2003-cü il tarixdə uydurma erməni soyqırımını tanıması qərarı Türkiyə Böyük Millət Məclisinin bütün üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanmışdır. Tarixi həqiqətləri saxtalaşdıran bu qərara etiraz olaraq Türkiyə Böyük Millət Məclisi 2003-cü il dekabrın 22-də bəyanat qəbul etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İsveçrə Federal Məclisinin qərarını pisləyən 2003-cü il 29 dekabr tarixli bəyanatını böyük məmnuniyyətlə qarşıladım.
Türkiyə, hər zaman haqqın və tarixi həqiqətin tərəfdarıdır. Lakin arası kəsilməyən erməni təbliğatının təsiri altına düşən bəzi ölkələrin parlamentləri təəssüf ki, tarixi səhvlərə yol verərək, xalqımızı haqsız yerə ittiham edən qərarlar qəbul etməkdədirlər.
Türkiyə və Azərbaycan xalqlarının bu cür haqsızlıqlara qarşı həmrəyliyi və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Naxçıvan Ali Məclisinin qəbul etdiyi bəyanatın xalqlarımız arasında möhkəm dostluğun və həmrəyliyin gözəl bir nümunəsi olduğuna inanıram.
Qəbul etdiyiniz bu əhəmiyyətli bəyanat üçün sizə və Ali Məclisin bütün üzvlərinə ən səmimi təşəkkürümü bildirir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.