NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ PENİTENSİAR XİDMƏTİNİN QARIŞIQ REJİMLİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və Azərbaycan Respublikasının ədliyyə naziri, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədova raport vermişdir.
Sonra nazir Naxçıvan Muxtar Respublikasında ədliyyə sisteminin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Ədliyyə naziri Fikrət Məmmədov ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il avqustun 24-də imzaladığı “Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Fərmandan sonra Naxçıvan MR Ədliyyə Nazirliyinin 14 nəfərdən ibarət olan aparatı əməkdaşlarının 48 nəfərə çatdırıldığını vurğulamış və qeyd etmişdir ki, ulu öndərimizin siyasi kursu hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ədliyyə orqanlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il avqustun 17-də imzaladığı Fərman Naxçıvan Muxtar Respublikasının ədliyyə, məhkəmə, hüquq sisteminə göstərilən dövlət qayğısının əyani ifadəsidir, - deyən nazir müasir tələblərə cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ilk dəfə Naxçıvanda istifadəyə verildiyini diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir ki, qarışıq rejimli cəzaçəkmə müəssisələri hansısa səbəblərə görə təqsirkar bilinən şəxslərin cəmiyyətdən müəyyən bir dövr üçün təcrid olunmasına xidmət edir. Ancaq unutmaq olmaz ki, onlar da ölkəmizin vətəndaşlarıdırlar və biz bu insanları qorumalıyıq.
Ali Məclisin sədri belə bir müəssisənin yaradılmasının əhəmiyyətindən danışaraq demişdir ki, qarışıq rejimli cəzaçəkmə müəssisəsinin yaradılması ilə bir sıra problemlər öz həllini tapacaqdır. Çünki muxtar respublikada cinayət törətmiş Azərbaycan vətəndaşlarının cəzaçəkmə müəssisələrinə aparılması, eyni zamanda həbs dövründə onların valideynlərinin, yaxınlarının görüşə getmələri blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında bir sıra çətinliklər yaradırdı. Təyyarə ilə bu insanları aparmaq problemlərə səbəb olur, bunun üçün dövlət hər il “Azərbaycan Hava Yolları” Dövlət Konserninə Naxçıvan Muxtar Respublikasında daşımalardan yaranmış zərərin ödənilməsi üçün 11 milyon manata yaxın dotasiya verirdi.
Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin yaradılması ilə 441 yeni iş yeri açılmışdır. İşə götürülənlərin əksəriyyətini isə gənclər təşkil edir.
Ali Məclisin sədri demişdir ki, açılışına toplaşdığımız yeni müəssisənin adı qarışıq rejimli cəzaçəkmə müəssisəsi olsa da, müstəqil Azərbaycanın təqsirkar bilinən vətəndaşları burada tərbiyə olunmalıdırlar. Ona görə də bu müəssisə qarışıq rejimli cəzaçəkmə müəssisəsindən daha çox qarışıq rejimli tərbiyə müəssisəsi funksiyasını yerinə yetirməlidir.
Ali Məclisin sədri bu işlərin həyata keçirilməsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin kollektivinə uğurlar arzulamışdır.
Sonra müəssisəyə baxış keçirilmişdir. Müasir beynəlxalq təcrübə əsasında tikilən və Avropa standartlarına cavab verən cəzaçəkmə müəssisəsi 10 hektar sahəni əhatə edir. Yeni müəssisə 410 məhbusun saxlanılması üçün nəzərdə tutulmuşdur. Müəssisədə bir inzibati bina, nəzarət-buraxılış məntəqəsi, hərbi qarovul üçün yataqxana, məhbuslarla qısamüddətli və ailəvi görüş otaqları, istintaq təcridxanası, karantin zonaları, qadın, kişi, yetkinlik yaşına çatmayanlar üçün islah-əmək müəssisələri, cərimə təcridxanası, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibbi sanitar hissə yaradılmışdır.
Müəssisənin mühafizəsini təmin etmək üçün uzunluğu min metrdən çox olan ikiqat mühafizə zolağı çəkilmiş, hər tərəfdə gözətçi qüvvələri, nəzarət-buraxılış məntəqələri yaradılmışdır. Bütün binalar bir-birindən metal hasarla ayrılmış, onlarla əlaqə yaratmaq üçün daxili telefon xətti quraşdırılmışdır.
Burada müasir hərəkətli və hərəkətsiz videokamera sistemi quraşdırılmışdır ki, bu da əraziyə tam nəzarət etməyə imkan verir. Müəssisəyə gediş-gəlişi asanlaşdırmaq məqsədilə avtobus marşrutu açılmışdır.