Naxçıvan Şahmat Mərkəzində interaktiv dərs keçirilib
Naxçıvan, 16 mart, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. O, elektron şahmat proqramları, “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” haqqında ətraflı məlumat verərək bildirib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. Lichess.org, chess.com kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “YouTube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda, CD formasında məktəblərə çatdırılıb.
İnteraktiv şahmat məşğələsi saat 11.00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12.00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı saat 15.00-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.