Naxçıvanda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur
Naxçıvan, 21 yanvar (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında 20 Yanvar şəhidlərin unudulmaz xatirəsinə sonsuz ehtiramın nəticəsi olaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı yenidən qurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı ümumxalq ziyarətgahına çevrilmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmişdir.
Naxçıvan Qarnizonunun birləşmiş hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Ali Məclisin sədri Vasif Talıbov müqəddəs ziyarətgahda ucaldılan Ana abidəsinin önünə əklil qoymuş, ehtiramını bildirmişdir.
Ali Məclisin sədri Vətənimizin azadlığı, ərazi bütövlüyü, dövlətçiliyimizin qorunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanların məzarlarını ziyarət etmiş, 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gəlmiş qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə də tər güllər qoymuş, xatirələrini ehtiramla yad etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və mərkəzi təşkilatların, bankların, səhmdar cəmiyyətlərin, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan şəhər İcra hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, Naxçıvan şəhərinin sakinləri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Türkiyənin və İran İslan Respublikasının Naxçıvandakı baş konsulları da anma mərasimində iştirak etmiş, şəhidlərin xatirəsinə öz ehtiramlarını bildirmişlər.
######
