Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib








Naxçıvan, 14 mart, AZƏRTAC
Martın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bir qrup həbs olunmuş şəxsə və cəzaçəkən məhkumlara pulsuz hüquqi və psixoloji xidmət göstərilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xidmət Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkilləri və nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən həyata keçirilib.
Əvvəlcə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən şəxslərin iştirakı ilə “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov bildirib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş cəza çəkən şəxslərin hüquqi maarifləndirilməsi, onlara hüquqi və psixoloji xidmətlərin göstərilməsi Penitensiar Xidmətin daim diqqətindədir. Bugünkü tədbir də məhz məhkum olunmuş şəxslərə pulsuz hüquqi və psixoloji yardımın göstərilməsi üçün nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov bildirib ki, bu gün hər bir ölkə vətəndaşının yüksək hüquqi yardım almaq hüququ Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycan dövləti həmçinin vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi üçün mütərəqqi qərarlar qəbul edir.
Sonra Vəkillər Kollegiyasının vəkilləri cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup şəxslə görüşüb, onlara ödənişsiz hüquqi yardım göstəriblər.
Görüş zamanı suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, bir sıra yazılı və şifahi məsləhətlər verilib. Eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert-psixoloqları müxtəlif rejimlərdə cəza çəkən 30-dan çox şəxslə görüşüb, psixoloji yardıma ehtiyacı olanlarla fərdi söhbətlər ediblər.
Cəza çəkən şəxslər onlara göstərilən diqqətdən məmnun olduqlarını bildirib və bu tədbirlərin davamlı olmasını arzulayıblar.