Naxçıvanda “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən tədbir maraqla qarşılanıb
Naxçıvan, 2 mart, AZƏRTAC
Naxçıvan şəhər 11 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən tədbirdə evdə baş verə biləcək gözlənilməz hadisələr, həmçinin təbii və texnogen qəzalar zamanı uşaqların davranış qaydaları onların hazırladıqları səhnəciklərlə təqdim edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə uşaq bağçasının 32 fidanı və 27 tərbiyəçisi iştirak edib. Bağçanın müdiri Aynur Əhmədova, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Səhnə balacalara verildikdən sonra onlar əvvəlcə zəlzələ səhnəciyini nümayiş etdiriblər. Bu zaman uşaqların davranış qaydaları, qaynar xətlərə necə zəng etmələri, xəsarət alanların xilas olunması və ilk yardım göstərilməsi uşaqlar tərəfindən canlandırılıb.
Yanğınların əksəriyyətinin evdə nəzarətsiz qalan azyaşlı uşaqların dəcəlliyi ucbatından baş verməsini nəzərə alaraq, növbəti səhnəcik bu hadisələrə həsr edilib. Səhnəcikdə yanğın zamanı uşaqlar tərəfindən qaynar xətlərə necə zəng olunması, zərərçəkmişin yanğından xilas edilməsi və ilk yardımın göstərilməsi əyani şəkildə sərgilənib.
Ehtimal olunan radiasiya təhlükəsi zamanı fidanların özlərini fərdi mühafizə vasitələrindən istifadə etməklə qorumaq bacarığı yaradılmış qruplar tərəfindən nümayiş etdirilib. Müəyyən maneələrdən keçməklə əleyhqazı düzgün və cəld geyinən qrup qalib adını qazanıb.
Səhnəciklərlə yanaşı, fövqəladə hallara aid mahnılar da uşaqlar tərəfindən ifa edilib, musiqi sədaları altında qürur mənbəyimiz olan bayrağımız səhnəyə gətirilib.
Sonra 11 saylı uşaq bağçasının fidanlarının və tərbiyəçilərinin əl işlərindən ibarət “Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgiyə baxış olub, səhnəciklərdə fəal iştirak edən uşaqlara diplomlar təqdim edilib.