REGİONLAR
Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə yeni Dövlət Proqramı qəbul edilib
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 12-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramında muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı görülən işlərin, qəbul olunmuş Dövlət proqramlarının kənd təsərrüfatında məhsul istehsalının həcmini artırdığı vurğulanıb. Qeyd olunub ki, 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrası da bu baxımdan mühüm əhəmiyyətə malik olub, muxtar respublikada 2917 hektar meyvə bağı salınıb, tərəvəz əkini sahələri genişləndirilib, əhalinin ilboyu meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün yeni soyuducu anbarlar və istixana təsərrüfatları yaradılıb. 2021-2025-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı da əvvəlki proqramların icrası dövründə əldə olunmuş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir.
Proqramın məqsədi meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulmasıdır.
Dövlət Proqramının reallaşdırılması bundan sonra da daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasını, muxtar respublikanın rayonlarında relyef və iqlim şəraiti nəzərə alınmaqla yeni meyvə bağlarının salınmasını, tərəvəz əkininin genişləndirilməsini təmin edəcək.