Naxçıvanlı şagirdin oyun dizaynı “Yaradıcı həllərə doğru” olimpiadasında sertifikata layiq görülüb
Naxçıvan, 18 dekabr, AZƏRTAC
Dekabr 16-17-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən “Creative Solution Go” - “Yaradıcı həllərə doğru” olimpiadasında muxtar respublikadan 10 müəllim və 3 şagird iştirak edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan 2 kateqoriya üzrə keçirilən olimpiadada Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Gülay Bağırlı və Duyğu Qənbərli “Koronavirus pandemiyası: sual-cavab” mövzusunda maarifləndirici oyun dizaynı təqdim ediblər.
Olimpiadanın nəticəsinə görə Duyğu Qənbərlinin hazırladığı maarifləndirici oyun dizaynı sertifikata layiq görülüb.