Nazir müavini: Balıqçılıq sahəsində təsərrüfatların idarə edilməsi sadələşdirilir VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Artıq balıqçılıq sahəsində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, dövlət dəstəyinin hərtərəfli həyata keçirilməsi istiqamətində işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş Toxumçuluq və Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
“Bu, balıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi və həmin sahədə keyfiyyətin, istehsalın artırılması, eyni zamanda, təsərrüfatların müasirləşdirilməsi və balıq istehsalının artırılması üçün dövlət dəstəyinin də böyük rolu olduğunu göstərir. Kənd təsərrüfatının inkişafı ilə bağlı böyük hədəflər var. Ölkəmizdə həm balıqçılığın inkişaf etdirilməsi, həm də balıqçılıq sahəsində infrastrukturun artırılmasına ehtiyac var. Bu səbəbdən balıqçılıq sahəsində tətbiq edilən normativ-hüquqi aktlar da hədəflərimizə uyğun olaraq tənzimləmələri ehtiva edir”, - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı il avqustun 27-də “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Yeni Qanunun qəbul edilməsi Azərbaycanda balıqçılıq sahəsində dövlət nəzarətinin, balıq və digər su bioresurslarının mühafizəsinin, akvakulturanın, balıqartırmanın və sahənin iqtisadi tənzimlənməsinin vahid hüquqi çərçivədə tənzimlənməsi ilə yanaşı, balıqçılığın rəqəmsallaşdırılması, elmi təminatının gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni hüquqi əsaslar yaradıb.