İQTİSADİYYAT
Nazir: Türkiyə ilə Azərbaycan arasında olan ticarət dövriyyəsi ildən-ilə artır
Bakı, 7 dekabr, AZƏRTAC
Dərman istehsalı hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları genişləndirmək mümkün olur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində deyib.
Nazir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır, ölkələr arasında olan ticarət dövriyyəsi ildən-ilə artır. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında olan hərtərəfli münasibətlərin daha bir təzahürü bugünkü layihədir.
“Bu birbaşa türk şirkətinin Azərbaycanda olan sərmayəsidir. Yeni müəssisənin fəaliyyəti yalnız istehsala deyil, həm də sektorun inkişafına yönəlmiş addımdır. Biz bunu səmimi qəlblə qəbul edirik. Məkanın Pirallahı Sənaye Parkı seçilməsi də təsadüfi deyil. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün, həm də sənayeləşmə yolu seçilib”, - deyə Mikayıl Cabbarov bildirib.