Nazir: Türkiyə modeli əsasında qurulan Azərbaycanın aqrar sığorta sistemi təkmilləşdirilməkdədir
Bakı, 21 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi olaraq əsas məqsədimiz milli kənd təsərrüfatı ərzaq sistemlərinin inkişafı, ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, ticarətin inkişafı və sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatı yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” panelində deyib.
Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafında beynəlxalq əməkdaşlığın rolu böyükdür.
“Bu baxımdan Türkiyə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər görülməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın aqrar sığorta sistemi Türkiyənin TARSİM modeli əsasında qurulmuş və təkmilləşdirilməkdədir. Sığorta sistemi itkilərin aradan qaldırılması, istehsalın davamlılığı və qida zəncirində neqativ halların qarşısının alınmasında əsas vasitələrdən və alətlərdən biridir”, - deyə Məcnun Məmmədov qeyd edib.
Nazir onu da əlavə edib ki, Azərbaycanda aqrar sahədə əməkdaşlıq üçün perspektiv imkanları və əlverişli investisiya mühiti var: “Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə aqrar sahədə ixtisaslaşmış onlarla türk şirkəti iştirak edir. Festivallarda və sərgilərdə türk şirkətləri istehsal etdikləri müasir suvarma texnologiyalarını, gübrə, toxum və tingləri, istixana təsərrüfatı avadanlıqlarını nümayiş etdirirlər. Biz bu istiqamətdə şirkətlərin cəlb edilməsində və hər iki ölkənin özəl sektorlarının birgə fəaliyyətinin genişləndirilməsini dəstəkləyir və səylər göstəririk”.