Nazir: Türkiyədə tibbin inkişafı Azərbaycan səhiyyəsinə də müsbət təsirini göstərir
Bakı, 21 dekabr, AZƏRTAC
“Hazırda dünya əhalisinin təxminən yarısı 30 yaşdan aşağıdır. Bu da gələcək illərdə sağlamlıq turizminə ehtiyacın kəskin şəkildə artacağını göstərir”.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” panelində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türk dünyası böyük bir coğrafiyanı əhatə etməklə zəngin yeraltı ehtiyatlara, əlverişli iqlimə və turizm rekreasiya potensialına malikdir. Eyni zamanda, 170 milyona yaxın əhalisi və 560 milyard dollarlıq xarici ticarət dövriyyəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə sağlamlıq turizminin inkişafına böyük imkanlar yaradır.
"Son illərdə müasir tibbi infrastrukturun qurulması, ən son texnoloji avadanlıqların tətbiqi və ixtisaslı insan resursları sayəsində Türkiyə Respublikası sağlamlıq və tibbi turizm üzrə beynəlxalq mərkəzə çevrilib. Sağlamlıq və tibbi turizmin müxtəlif sahələrinin, artıq çəki ilə mübarizə, özünə baxım, estetik tibb və cərrahiyyə, stomatologiya, neyrocərrahiyyə, onkologiya ixtisaslarının inkişafı xarici turistlər üçün Türkiyəni cəlbedici məkan kimi ön sıralara çıxarır. Qardaş ölkədə tibbin inkişafı Azərbaycan səhiyyəsinə də müsbət təsirini göstərir. Türkiyədə tibb təhsilini tamamlamış həkimlərimiz Vətənə dönərək müxtəlif tibb müəssisələrində milli səhiyyənin inkişafına dəyərli töhfələr verirlər", - deyə səhiyyə naziri bildirib.