NAZİRLƏR KABİNETİNDƏ 2007-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
Maliyyə naziri Samir Şərifov büdcə layihəsinin əsas parametrləri barədə məlumat verərək dedi ki, gələn il üçün dövlət büdcəsinin layihəsi müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyasına uyğun olaraq və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş siyasi və iqtisadi xətti uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə əldə olunmuş uğurlara əsaslanaraq hazırlanmışdır. Son vaxtlar ölkəmiz iqtisadiyyatda böyük uğurlar qazanmışdır. Məsələn, cari ilin 8 ayında ümumi daxili məhsul (ÜDM) ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz, əhalinin gəlirləri 19,2 faiz, orta əməkhaqqı 20 faiz, əhalinin bank əmanətlərinin həcmi 45,2 faiz artmışdır. Bu və digər göstəricilər beynəlxalq maliyyə təsisatları tərəfindən də yüksək qiymətləndirilmiş və Azərbaycanın sərmayə reytinqinin yüksəlməsinə gətirib çıxarmışdır.
Nazir bildirdi ki, büdcə proqnozlarında əsas kimi bir barrel neftin qiyməti 50 dollar götürülmüşdür. Gələn ilin büdcəsində ÜDM-in həcmi 22,2 milyard manat səviyyəsində planlaşdırılır, real artım 26,3 faizdən çox olacaqdır. Adambaşına düşən ÜDM-in həcmi 2,6 min manat, orta əməkhaqqı 195,1 manat təşkil edəcəkdir.
Gələn il inflyasiya proseslərinə nəzarət sahəsində tammiqyaslı tədbirlər həyata keçirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq bölgələrdə toplanan vergilərin artımı planlaşdırılır ki, bu da, birinci növbədə, son vaxtlar onların sürətlə inkişafı ilə bağlıdır. Gələn ilin büdcəsində qeyri-neft sektorunda da vergidaxilolmalarını artırmaq proqnozlaşdırılır.
Büdcənin mədaxil hissəsi ÜDM-in həcminin 24 faizi səviyyəsində proqnozlaşdırılır ki, bu da maliyyə, vergilər nazirliklərinin və Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən aparılmış çoxsaylı tədqiqatların nəticələrinə əsaslanır. Büdcənin mədaxil hissəsi 2001-ci ildəkinə nisbətən 6,8 dəfə artaraq, 5 milyard 336 milyon manat olacaqdır. Büdcəyə əlavə daxilolmaların əsas hissəsini (80 faizini) Dövlət Neft Fondunun vəsaiti təşkil edəcəkdir. Məqsədli sərmayə proqramları da Fondun vəsaiti hesabına həyata keçiriləcəkdir. Büdcənin məxaric hissəsi 5 milyard 715 milyon manat və ya ÜDM-in həcminin 25,7 faizi səviyyəsində planlaşdırılır.
Sosial sahədə pensiyaların, əməkhaqqının baza hissəsinin, təqaüdlərin səviyyəsini yüksəltmək, səhiyyə sahəsində bir sıra proqramları, məktəblərin təmir və tikintisini maliyyələşdirmək proqnozlaşdırılır.
Gələn ilin büdcəsində müdafiə sahəsi üçün xərclər orta hesabla 17,8 faiz artacaqdır. Məhkəmə sisteminin təkmilləşdirilməsi tədbirlərinə, o cümlədən Bakıda və bölgələrdə yeni açılan 8 məhkəmənin fəaliyyətinin təmin olunmasına 6,1 milyard manat ayrılacaqdır.
Gələn il Azərbaycanın 10 səfirliyini və diplomatik nümayəndəliyini açmaq nəzərdə tutulur. Onların fəaliyyətinin təşkilinə büdcədən 7,6 milyon manat məbləğində vəsait ayrılacaqdır.
İclasda iqtisadi inkişaf naziri Heydər Babayev 2007-ci il üçün proqnoz göstəriciləri haqqında məruzə etdi.
Hökumətin bir sıra üzvləri qanun layihəsi barədə təklif və qeydlərini bildirdilər.
Müzakirələrin yekununa əsasən, dövlət büdcəsinin layihəsini ölkə Prezidentinə təqdim etmək qərara alındı.