NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞDƏ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Əli Həsənov qonağı səmimi salamlamış, səfərinə Nərimanov rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdən başladığı üçün təşəkkür etmişdir. O demişdir: Qaçqın və məcburi köçkünlərin məsələsi Azərbaycanın ən ağrılı problemidir.
Baş nazirin müavini 250 min nəfərdən artıq azərbaycanlının Ermənistandakı tarixi torpaqlarından qovulmasından, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, bu ərazilərdəki əhalinin ölkənin daxilində məcburi köçkünlərə çevrilməsindən, onların qayğılarının yüngülləşdirilməsi üçün dövlətin, beynəlxalq humanitar təşkilatların, o cümlədən BMT QAK-ın Azərbaycan nümayəndəliyinin gördüyü işlərdən ətraflı danışmışdır. O, xüsusi vurğulamışdır ki, son illər beynəlxalq təşkilatlar qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələnin Azərbaycanın daxili problemi olduğunu qeyd edir, digər ölkələrdən misal çəkir və yardımın həcmini azaldırlar. On il ərzində BMT QAK qaçqınlarımıza və məcburi köçkünlərimizə 66 milyon ABŞ dolları məbləğində humanitar yardım göstərmişdir. Əvvəllər bu yardımın illik həcmi 7-8 milyon dollar olduğu halda, indi 2 milyon dollara enmişdir. Azərbaycanın üzləşdiyi bu problem daxili məsələ deyil, qonşu dövlətin təcavüzü ilə bağlıdır. Bununla belə, Azərbaycan hökuməti qaçqınlara və məcburi köçkünlərə qayğının böyük hissəsini öz üzərinə götürmüşdür. Əlbəttə, ilk dövrlərdə beynəlxalq təşkilatların yardımı olmasaydı, ölkədə humanitar fəlakət baş verərdi. Bu yardıma görə həmin təşkilatlara, BMT QAK-a təşəkkür edirik.
Dövlətqaçqınkomun sədri vurğulamışdır ki, problemin həllinin yeganə yolu qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasıdır.
Əli Həsənov Azərbaycanda sığınacaq axtaran şəxslərin problemlərindən də söz açmışdır.
Raymond Holl ətraflı məlumat üçün minnətdarlığını bildirdikdən sonra demişdir ki, BMT QAK Azərbaycanın üzləşdiyi problemin ağırlığını dərk edir. Bu problemi yüngülləşdirmək üçün indiyədək etimad və anlaşma şəraitində əməkdaşlıq etmişik. Məsələnin Azərbaycanın daxili işi olduğunu elan etməyimiz onu humanitar yardımlardan məhrum etmək demək deyildir. Ölkə yardım üçün beynəlxalq humanitar təşkilatlara müraciət edə bilər. Bununla belə, yardıma ən çox ehtiyacı olanlar müəyyənləşdirilməlidir. Qaçqınların və məcburi köçkünlərin probleminin həlli istiqamətində Azərbaycan hökumətinin atdığı addımları alqışlayırıq. Xüsusilə yoxsulluğun azaldılması ilə əlaqədar Dövlət proqramına qaçqınların və məcburi köçkünlərin daxil edilməsi təqdirəlayiqdir. BMT QAK yardımı davam etdirəcəkdir.
Raymond Holl da sığınacaq axtaran şəxslər, onların problemlərinin həlli ilə bağlı mülahizələrini söyləmiş, özü ağır vəziyyətdə olan Azərbaycanın bu məsələdə beynəlxalq həmrəylik nümayiş etdirdiyini minnətdarlıqla xatırlatmışdır. Qeyd etmişdir ki, Azərbaycanın bu addımı digər ölkələr üçün nümunə olmalıdır.
Görüşdə Azərbaycanın Cenevrədə BMT və Avropa qurumları yanında daimi nümayəndəsi Elçin Əmirbəyov iştirak etmişdir.