Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi müəssisənin baş direktoru akademik Vaqif Abbasov Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib.
Akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa müddət ərzində ölkənin gündən-günə inkişaf etməsinə nail olunduğunu, həmçinin ordu quruculuğu sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı.
İnstitutun baş direktoru qeyd edib ki, ilk dəfə olaraq bu dəhşətli günün ildönümü Xocalı şəhərində qeyd edilir. Həmçinin Xocalı sakinləri öz yurdlarına qayıdıb, tarixin ən acı günü haqqında xatirələrini məhz öz şəhərlərində danışa bilirlər.