NEFT STRUKTURLARINDA QIZIL HASİL ETMƏYƏ İMKAN YARANIR
BDU-nun elmi tədqiqat hissəsinin rəisi, laboratoriyanın rəhbəri, geologiya-minerologiya elmləri namizədi Elxan Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycanda ilk dəfə olaraq laboratoriya perspektivli neft-qaz strukturlarında iri proqnoz ehtiyata malik qızıl səpinti yataqlarının elmi tədqiqat işlərini aparır. Qızıl səpinti yataqlarının axtarış üsullarına dair ilk patenti biz almışıq. Kür molass hövzəsinin dağətəyi boyu laylarında qızıl səpinti yataqlarını, Şəmkir SES-in yaxınlığında perspektivli neft strukturlarında qızıl laylarını aşkar etmişik. Bu isə həmin ərazilərdə neft və qazla yanaşı, qızıl hasil etməyə imkanlar yaradır.
E. Məmmədov bildirmişdir ki, proqnozlara görə, Siyəzən, Xaçmaz, Qazanbulaq, Naftalan və digər yerlərdə oxşar strukturlar, neft layları ilə yanaşı, qızıl layları da ola bilər. Bizim təklif etdiyimiz üsulu Pakistan, Rumıniya, Şimali Amerika və digər yerlərdə tətbiq edib yüksək gəlir götürmək olar. Dövlət Neft Şirkətinin vitse-prezidenti Xöşbəxt Yusifzadənin göstərişi ilə neftçilərlə əlaqələr yaradırıq. Milli Elmlər Akademiyasının Neft Kimyası Prosesləri İnstitutunun Təcrübə-sənaye zavodu ilə birgə qızıl hasil edən maşınlar hazırlamağa başlayırıq. Beləliklə, neft olan strukturlarda öz maşınlarımızla qızıl hasil etməyə imkan yaranır. Bu məqsədlə həmin strukturların kompleks qiymətləndirilməsi aparılacaqdır.