ELM VƏ TƏHSİL
Neftçala rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparılıb
![](/files/galleryphoto/2023/1/1200x630/16786935574428118903_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16786935573859331951_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16786935575612141491_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16786935576260565417_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16786935572501829327_1200x630.jpg)
Bakı, 13 mart, AZƏRTAC
Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissədə Kür çayında suyun azalması nəticəsində yatağın sol sahilində rayonun Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova tərəfindən qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.
Bu barədə AZƏRTAC-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, maddi mədəniyyət nümunələri ilə tanış olmaq və əraziyə baxış üçün institutun əməkdaşları Neftçala rayonuna ezam olunublar.
Kəndin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı Kür çayının çəkilməsi nəticəsində çayın birbaşa yataq hissəsindən əksəriyyəti dağılmış vəziyyətdə məişət qabları aşkar olunub. Ərazidə aparılan tədqiqatlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidov, Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova da iştirak edib.
Ərazidən bir ədəd irihəcmli təsərrüfat qabının lülək hissəsi aşkar olunub. Martın 10-dan suyun səviyyəsi yenidən qalxmağa başlayıb və maddi-mədəniyyət nümunələri tapılan ərazinin çox hissəsi su altında qalıb. Arxeoloji materialların təhlilindən ərazidə orta əsrlərdən bu günədək yaşayış yeri mövcud olmadığı qeydə alınıb. Neftçalanın Cəngan kənd tam orta məktəbində saxlanılan materialların bir qismi aktlaşdırılaraq, tədqiq olunması üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, digər qismi isə Neftçala Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.