İQTİSADİYYAT
NEFTÇALADA BALIQ İSTEHSALI MÜƏSSİSƏSİNİN FƏALİYYƏTİ BƏRPA OLUNMUŞDUR
“Caspian Fish-Co” Şirkəti keçən ildən idarəetməyə götürdüyü “Neftçalabalıq” Açıq Səhmdar Cəmiyyətində istehsalın təşkili üzrə proqramın birinci mərhələsini başa çatdırmış, maliyyə problemləri üzündən 1997-ci ildən boş dayanan müəssisənin fəaliyyəti bərpa olunmuşdur.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, müəssisəyə yatırılmış sərmayə hesabına dünya standartlarına uyğun avadanlıq alınmış, balıq hisləmə sexi yenidən qurulmuşdur. Qısa müddətdə 1,5 ton nərə balığı, 200 kiloqramdan yuxarı kürü istehsal edilmişdir.
Perspektivdə istehsalatı təkmilləşdirmək və genişləndirmək - altı vətəgə yaratmaq, balıq unu sexini işə salmaq nəzərdə tutulur. İlin axırınadək məhsul istehsalının həcmini azı on dəfə artırmaq proqnozlaşdırılmışdır. Ən başlıcası isə müəssisənin tam gücü ilə işləməsi azı 200 nəfərin məşğulluğuna imkan yaradacaqdır.