Neftçaladakı Heydər Əliyev Mərkəzinin əməkdaşları “Dost xonçası” aksiyasına qoşulublar
Neftçala, 19 mart, Mahir Babayev, AZƏRTAC
Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin əməkdaşları və "Könüllü qrupu”nun üzvləri hər il olduğu kimi, bu il də "Bölüşərsək, tox olarıq, bölünərsək, yox olarıq" devizi ilə keçirilən "Dost xonçası" aksiyasına qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayonun Köhnə qəsəbə və Bankə qəsəbəsində yaşayan 8 ailəyə bayram payı çatdırılıb.
Mərkəzin direktoru Könül Məmmədova deyib: “Aksiya zamanı 8 ailənin üzvlərini sevindirdik. Onlarla birlikdə əyləndik, hədiyyələrini təqdim etdik. Onların gözlərindəki sevinc, dillərindəki dua hər şeyə dəyər. Ailə üzvləri ilə birlikdə xoş anlar yaşadıq. Gəlin, daim bir-birimizə dəstək olaq!”.