“NEFTÇİ” İDMAN-SAĞLAMLIQ MƏRKƏZİNİN NÜMAYƏNDƏLƏRİ PARALİMPİYA YARIŞLARINDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
“Azneftyağ” zavodunda idmançılarla görüşdə müəssisənin baş direktoru Ramiz Mirzəyev çıxış edərək, ölkəmizin Prezidenti İlham Əliyevin olimpiya hərəkatının inkişafına göstərdiyi qayğının Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya İdman Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğuladı. İdmançılarımızın Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında qazandıqları uğurlardan söhbət açan natiq əldə edilən bu nailiyyətlərdə “Neftçi” idman-sağlamlıq mərkəzi idmançılarının da payı olduğunu bildirdi. Sentyabr ayında Afinada keçirilən paralimpiya oyunlarında mərkəzin 9 idmançısının çıxış etdiyi, onların iki qızıl, bir gümüş, bir bürünc medal qazandıqları qeyd olundu.
Görüşdə “Neftçi” idman-sağlamlıq mərkəzinin rəisi Rauf Əliyev çıxış edərək, Afina paralimpiya oyunlarında 140 ölkədən 5 min idmançının mübarizə apardığını və komandamızın Müstəqil Dövlətlər Birliyi ölkələri arasında 4-cü yer tutduğunu vurğuladı. Sonra paralimpiyaçılara pul mükafatları, qiymətli hədiyyələr təqdim olundu.
Görüşdə çıxış edən idmançılar və məşqçilər onlara göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildirdilər.