İDMAN
“Neftçi”nin futbolçusu: Avstriya komandası ilə matçda hesabdan asılı olmayaraq final fitinədək döyüşəcəyik
Bakı, 2 sentyabr, AZƏRTAC
“Azərbaycanın qadın komandasını Çempionlar Liqası kimi mühüm turnirdə layiqincə təmsil etmək istəyirik”.
Bunu AZƏRTAC-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Aysun Seydiyeva UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” komandasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Təcrübəli oyunçu matça tam şəkildə hazır olduqlarını bildirib: “Qəbələ şəhərində çox yaxşı təlim-məşq toplanışı keçdik. Bu vaxt ərzində bir sıra yoxlama oyunlarında qüvvəmizi sınadıq. Kollektiv daxilində ab-hava yüksək səviyyədədir. Sabah son məşqimizə çıxacağıq. Hesabdan asılı olmayaraq meydanda final fitinədək döyüşəcəyik. Bu turnirdə mübarizə aparmaq hər bir futbolçunun arzusudur. İnanıram ki, “Sankt-Pölten”lə görüşdə uğurlu nəticə əldə edəcəyik. Çempionlar Liqası bizim üçün çox yaxşı təcrübə olacaq”.
Gürcüstanın Tsxaltubo şəhərində baş tutacaq qarşılaşma sentyabrın 4-ü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Matçın baş hakimi Yelena Kumer olacaq. Komandamız bu oyunda uğurlu nəticə əldə edərsə, Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.