NELSON MANDELA YUBİLEYİNİ 30 NƏVƏ VƏ NƏTİCƏSİNİN ƏHATƏSİNDƏ QEYD ETDİ
CAR-ın indiki Prezidenti Tabo Mbeki Nobel mükafatı laureatı Nelson Mandelanın 88 illiyi münasibətilə şənlikləri milli miqyaslı hadisə adlandırmışdır.
Lakin Mandelanın özü doğum gününü yalnız öz ailəsi, 30 nəvə və nəticəsi ilə birlikdə qeyd edib.
Gənclik illərində CAR-ın Afrika Milli Konqresinə qoşulan Mandela insan ləyaqəti, azadlıq, ölkədə demokratik cəmiyyət qurulması uğrunda, irqi ayrı-seçkiliyə qarşı mübarizənin amallarına ömrü boyu sadiq qalmışdır. Lazım gəldikdə, o, aparteid rejiminə qarşı mübarizə yoldaşları ilə birlikdə silaha sarılmışdır. İrqçilər Mandelanı Robben katorqa adasına ömürlük həbsə göndərmişdilər. Mandela 27 il həbsdə olmuş, yalnız 1991-ci ildə azadlığa çıxmışdır.
O, ikinci müddətə CAR prezidenti seçilmək üçün bütün imkanlara malik olsa da, bu yeri siyasətçilərin yeni nəslinə verməyi qərara almışdır. Lakin o, necə deyərlər, layiq olduğu istirahətə getməmiş, indi onun adını daşıyan Uşaq Fondunun yaradılmasına yeni enerji ilə girişmiş, əhalinin aparteid dövründə müsibətlərə məruz qalmış təbəqələri üçün bütün ölkədə məktəblər və xəstəxanalar tikilmişdir.
Sabiq CAR Prezidenti Afrikada və dünyanın digər bölgələrində münaqişələrin nizama salınmasında dəfələrlə vasitəçi rolunda çıxış etmişdir. Valideynləri QİÇS-dən ölən yetim uşaqlara yardım fonduna vəsait toplanması üçün onun çağırışı ilə keçirilən tədbirlərə dünyanın kino və teleulduzları, supermodelləri, keçmiş və indiki siyasətçilər həvəslə qoşulmuşlar.