Nəqliyyat və enerji sahələrində əməkdaşlıq Azərbaycan-Türkmənistan əlaqələrinin mühüm səhifəsidir ŞƏRH
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan və Türkmənistan arasında münasibətlərdə yeni səhifə açılıb. Əslində, biz təxminən 2017–2018-ci illərdən etibarən münasibətlərin inkişaf dinamikasını müşahidə edirik. 2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ümumilikdə Mərkəzi Asiyada və Türk dünyasında yeni bir oyanış mərhələsi yaratdı. Bu proses nəticəsində Azərbaycanın siyasi və iqtisadi təhlükəsizlik baxımından mühüm mərkəzi aktorlardan birinə çevrilməsi ilə yeni geosiyasi konfiqurasiya formalaşmağa başladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, hazırda Cənubi Qafqazda, eləcə də Yaxın Şərq və Mərkəzi Asiya regionlarında ciddi siyasi-iqtisadi çağırışlar və dəyişikliklər müşahidə olunur. O cümlədən Rusiya–Ukrayna müharibəsi və digər regional gərginliklər dünya üzrə nəqliyyat və enerji xətlərinə də ciddi təsir göstərmiş, bir sıra korrektələrə səbəb olub. Bu kontekstdə, xüsusilə bu gün həm Azərbaycan, həm də Türkmənistan üçün nəqliyyat və enerji sahələrində əməkdaşlıq olduqca vacibdir. Tərəflər arasında əsas maraq istiqamətlərindən biri məhz enerji layihələri və nəqliyyat-logistika sahəsidir.
“Türkmənistan dünyada zəngin enerji resurslarına malik ölkələrdən biridir və xüsusilə qaz ehtiyatlarına görə seçilir. Bu sahədə iki ölkə arasında əməkdaşlıq geniş müzakirə olunan istiqamətlərdəndir. Eyni zamanda, Şərq–Qərb nəqliyyat dəhlizi xüsusi əhəmiyyət daşıyır. Türkmənistan və Azərbaycan bu baxımdan strateji körpü rolunu oynayır. Bir vaxtlar Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi mühüm layihələri həyata keçirib. Hazırda isə Trans-Xəzər və Şərq–Qərb nəqliyyat marşrutlarının inkişafı gündəmdədir. Çin və Mərkəzi Asiyadan başlayan yüklərin Azərbaycan vasitəsilə Avropaya daşınması istiqamətində daha geniş imkanlar yaranır. Bu kontekstdə düşünmək olar ki, Azərbaycan və Türkmənistan arasında artıq yeni bir iqtisadi əməkdaşlıq oxu formalaşmaqdadır və onun möhkəmləndirilməsi regionda baş verən dəyişikliklər fonunda xüsusi əhəmiyyət daşıyır”, - deyə Z.Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, Türkmənistan da öz maraqlarını milli səviyyədə qoruyan və regionda balanslı siyasət yürüdən ölkələr sırasındadır. Bu baxımdan, Azərbaycanda keçirilən görüşlər və müzakirələr iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verir.