NİDERLANDDA ÜZƏN EVLƏR İCAD OLUNMUŞDUR
Qədim Hollandiya atalar sözündə deyilir: ”Allah dünyanı yaratmış, hollandiyalılar isə Niderlandı”. Həqiqətən, hollandiyalılar kimi ərazilərinin çox hissəsini dənizdən qoparmış xalq çox az tapılar.
Hollandiya arxitektorları daşqınlarla mübarizə aparmaq əvəzinə, su üstündə yaşamaq üsullarını icad edirlər. Belə yeni ideyalardan biri dənizdə qabarma və çəkilmələrin baş verdiyi torpaq sahələrində yerləşdirmək üçün nəzərdə tutulan amfibiya-evlərdir.
Reysveyk şəhərində amfibiya-evlərin layihələşdirilməsi ilə məşğul olan “Waterstudio” firmasının arxitektoru Koen Oltuis bu ideyanı belə izah etmişdir: ”Biz evlərin konstruksiyasını elə dəyişməliyik ki, onlar daha dinamik və daha az statik vəziyyətdə olsunlar. Bunları elastik evlər adlandırırıq. Elastik evlərə daşqınlar ziyan vura bilməz”.
Niderlandda klassik tikinti texnologiyasına əsasən, evlər torpağa basdırılmış beton dirəklər üstündə tikilir ki, bu da yumşaq torpaqda binanın davamlılığını təmin edir. Bu evlərdən fərqli olaraq, amfibiya-evlər daxilində üzgəc quraşdırılmış beton özül üstündə dayanır. Suyun səviyyəsi qalxan zaman ev, qarşısında və arxasında yerləşən bərkidicinin şarnirləri ilə sürüşərək, torpaqdan 18 fut (5,5 metr) yüksəyə qalxır. Bu zaman polivinilxloriddən hazırlanmış elastik borular sayəsində kanalizasiya, su və təbii qaz verilməsi sistemi işləyir.
Niderlandın relyefi Yeni Orlean ətrafındakı relyefə bənzəyir, lakin daha irimiqyaslıdır. Ölkə ərazisinin 26 faizi dəniz səviyyəsindən aşağıda yerləşir. Niderlandın quru hissəsinin çoxu göl, dəniz və çayların qurudulması hesabına əldə edilmiş və köhnə bəndlərin mürəkkəb sistemi (Yeni Orlean bəndlərinə bənzəyir), suyu çəkib çıxaran nasosların köməyilə daşqınlardan müdafiə olunmuşdur.
Lakin Niderland su fəlakəti ilə 1000 illik mübarizədən sonra da daşqınlar doğuran kəskin iqlim dəyişiklikləri qarşısında acizdir. İndi buna qlobal iqlim dəyişiklikləri problemi də əlavə olunmuşdur. Bəzi ekspertlərin fikrincə, dəniz səviyyəsinin qalxması şəraitində yeni reallıqlarla birdəfəlik barışmaq lazımdır. Bunun təsdiqi olaraq, Amsterdamın cənub-qərbində Maas çayı sahilində yerləşən Maasbommel şəhəri sakinlərinin bir hissəsi yeni yaşayış məntəqəsinə köçmək niyyətindədir. 15 üzən və 35 amfibiya-evdən ibarət bu məhəllədə tikinti işləri yanvarda başa çatacaqdır.
Lakin bu texnologiya ABŞ şəraitində tamamlama işləri tələb edir. Bu binaların şiddətli küləklərə davam gətirməsi üçün onları daha da möhkəmləndirmək lazımdır.