CƏMİYYƏT
Nigar Arpadarai: Biz qadınları özəl sektorda görmək istəyirik
Bakı, 13 noyabr, AZƏRTAC
Biz qadınları özəl sektorda görmək, qadınların kişilərlə yan-yana olmasını və bərabər hüquqlara malik olmasını istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un Yaşıl Zonasında keçirilmiş “Dəyişiklik yaradan güc: İqlimə dayanıqlı gələcək üçün gender əsaslı innovasiyaların təkmilləşdirilməsi” mövzusunda keçirilən sessiyada COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib.
“Statistika qlobal miqyasda KOB-ların 40 faizə yaxınının qadınlara məxsus olduğunu deyir. Bu, böyük rəqəmdir. Amma düşünürəm ki, dünyanın bir çox ölkələrində KOB-lara sahib olmaq və qadınlar üçün işləmək çətin olur. Çünki qadınlar bu yerə çatmaq üçün bir sıra maneələri keçirlər. Qadınların daha yaxşı təhsil alması üçün imkanlar yaradılmalıdır. İstər qlobal maliyyə gündəmi olsun, istərsə də başqa gündəm düşünürəm ki, qərar qəbuletmə rollarında, özəl sektorda və liderlik rollarında daha çox qadının olmasını istəyiriksə onlara yaxşı təhsil verməliyik”, - deyə Nigar Arpadarai vurğulayıb.