AZƏRTAC Müstəqil İslam İnformasıya Agentliyinə istinadla xəbər verir ki, martın 27-də keçiriləcək toplantıda tatar gənclərinin Nijni Novqorod ictimai hərəkatının yaradılması haqqında qərar qəbul ediləcəkdir. Toplantını Nijni Novqorod şəhər və vilayət Müsəlman İdarəsi, Nijni Novqorodun “Mahinur” İslam mədrəsəsi və Nijni Novqorod vilayəti tatarlarının regional milli-mədəni muxtariyyəti təşkil etmişlər. Onların məqsədi müsəlman gənclərinin sağlam ruhda tərbiyə almasına kömək etmək, müsəlman tatarların ənənələrini, dilini və mədəniyyətini qoruyub saxlamaq, mədəni ictimai tədbirlər keçirməkdir.
Toplantıda 200 nəfərdən çox adamın - əsas etibarilə yuxarı sinif şagirdlərinin, ali məktəb tələbələrinin və gənc mütəxəssislərin iştirak edəcəyi nəzərdə tutulur. Tədbirdə şəhər və vilayətin icra hakimiyyətlərinin nümayəndələri, müsəlman ruhaniləri, xristian və yəhudi konfessiyalarının, milli və mədəni muxtariyyətləri diasporlarının nümayəndələri də iştirak edəcəklər.