Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində keçirilən Foruma rəsmi tərəfdaşlıq edib
Bakı, 7 dekabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında keçirilən “Imperial Springs Forum 2023” toplantısına rəsmi tərəfdaşlıq edib. Toplantıya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın rəhbərliyi ilə Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliev, Belçikanın sabiq Baş naziri İv Leterm və Norveçin sabiq Baş naziri Kyel Maqne Bondevik də daxil olmaqla qurumun 20-dən çox üzvündən ibarət heyəti qatılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forum ümumilikdə 40-dan çox ölkədən 200-ə yaxın beynəlxalq ekspertləri, alimləri, Nobel mükafatçılarını, indiki və sabiq ölkə və hökumət başçılarını bir araya gətirib.
Tədbirin açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin tədbir iştirakçılarına ünvanladığı müraciəti təqdim olunub. Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa öz ölkəsinin prezidenti kimi şəxsi təcrübəsini bölüşüb. O bildirib ki, Çin çoxtərəfliliyin güclü müdafiəçisi olub. Bu praktikanın nümunələrindən biri də Çinin böyük və kiçik ölkələrə bərabər hörmətlə yanaşmasıdır. Mərkəzin həmsədri, həmçinin ölkələr arasında beynəlxalq qaydaların anlaşılmasında fərqlilik olduğunu vurğulayıb.
Forumun bağlanış mərasimində Vayra Vike-Freyberqa tədbir iştirakçılarını 2024-cü ildə keçiriləcək 11-ci Qlobal Bakı Forumuna rəsmi olaraq dəvət edib.
Tədbir çərçivəsində Mərkəzin üzvlərinin Çin Xalq Respublikasının Vitse-prezidenti Han Çenqlə görüşü baş tutub. Görüş zamanı Vayra Vike-Freyberqa və digər üzvlər tərəfindən Han Çenqə qarşıdan gələn 11-ci Qlobal Bakı Forumu və Mərkəzin tərəfdaşları ilə Çin Xalq Respublikasında reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verilib. Həmçinin Mərkəzin üzvləri yerli və xarici media nümayəndələrinə verdikləri müsahibələrində qlobal problemlər, siyasi məsələlər, multilateralizmin gücləndirilməsi mövzularına toxunublar və bu məsələlərin həllində Mərkəzin üzvlərinin oynadığı əhəmiyyətli rolu vurğulayıblar.