Nizami Muzeyində professor Bəkir Çobanzadəyə həsr olunmuş elmi seminar
Bakı, 17 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli dilçi alim, türkoloq, şərqşünas, ədəbiyyatşünas, yazıçı Bəkir Çobanzadənin çoxşaxəli elmi irsi və bədii yaradıcılığına həsr olunmuş elmi seminar məşğələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu unudulmaz alimin doğulub böyüdüyü ailə, Krım mühiti və ədibin təhsil illəri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hələ çox erkən yaşlarından dünya dillərinə bələd olmaq, qədim və ortaq türk xalqları ədəbiyyatını, linqvistikasını öyrənmək həvəsi gənc Bəkir Sidqi üçün İstanbul, Budapeşt, Odessa və digər şəhərlərin universitetlərində təhsilin, tədrisin yollarını açıb. Bəkir Çobanzadə qırx dörd il yaşasa da, türk xalqlarının etnik-mədəni dəyərlərinə, dil və ədəbiyyatına həsr olunmuş qiymətli əsərləri alimə artıq 130-cu baharını yaşadır. B.Çobanzadə Budapeşt Universitetində təhsil aldığı illərdə türk mənşəli qıpçaq-kuman boyunun qədim yazılı abidəsi haqqında dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alsa da, həmin dissertasiya işi hələ də aşkar olunmayıb.
N.Yigitoğlu Azərbaycan ədəbiyyatının müxtəlif dövr və nümayəndələri haqqında silsilə elmi əsərlərin müəllifi, maarif xadimi, professor B.Çobanzadənin 1937-ci ilin amansız repressiyalarına da hədəf olması, türk xalqlarının tərəqqisinə yönəlmiş fəaliyyətinə görə “xalq düşməni” böhtanı ilə qətlə yetirilməsi hadisəsindən də bəhs edib. Qeyd edib ki, həmin dövrün hadisələri alimin həyat yoldaşı Ruqiyyə xanımın, bacısı Züleyxa Çobanzadənin acı taleyindən xəbər verən memuarlarda da əksini tapıb.
Elmi seminarda muzeyin əməkdaşları professor Xatirə Bəşirli, Tomiris Babanlı və digərləri çıxış edərək Bəkir Çobanzadə irsi haqqında fikirlərini bölüşüblər.
Seminar məşğələsində, həmçinin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri iştirak ediblər.