Nizami rayonunda Novruz bayramı münasibətilə sosial aksiya təşkil edilib
Bakı, 17 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Novruz bayramı münasibətilə sosial aksiya keçirib.
Bu barədə AZƏRTAC-a YAP Nizami rayon təşkilatından məlumat verilib.
Rayon təşkilatının fəalları və könüllüləri Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Onları Novruz bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.
Görüş zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
***
Həmçinin Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında müharibə əlilləri, veteranları və iştirakçıları ilə görüş keçirilib. Görüşdə çıxış edənlər, müharibə əlillərinə, veteranlarına və iştirakçılarına göstərilən dövlət dəstəyindən söz açıblar.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Görüşün sonunda müharibə əlillərinə, veteranlarına və iştirakçılarına bayram sovqatları verilib.