NORVEÇİN NEFT VƏ ENERGETİKA ÜZRƏ DÖVLƏT KATİBİ OYVİND HABREKKENİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Cənab Prezident, bu, mənim Azərbaycana birinci səfərimdir. Mənim üçün Bakıda olmaq böyük şərəf və xoşbəxtlikdir. Böyük auditoriyada olan dəyərli insanları salamlamaq və eyni zamanda, “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004” XI beynəlxalq sərgi və konfransın açılışında iştirak etmək mənim üçün çox əhəmiyyətlidir. Bundan başqa, mənə Azərbaycanla tanış olmaq üçün böyük imkan yaranmışdır.
Hörmətli Prezident, biz son 10 il ərzində Norveç şirkətlərinin Azərbaycana çox böyük maraq göstərdiyinin şahidiyik. Onlar həm də Azərbaycana öz biliklərini, yeni texnologiyanı, beynəlxalq təcrübəni və standartları gətirmişlər. Bu, “Statoyl” şirkətinə aiddir. Bununla yanaşı, Norveçin digər şirkətləri də yaranmış imkandan istifadə edərək, Azərbaycanın neft və qaz sənayesində fəal iştirak edirlər. Bu şirkətlər artıq öz layiqli yerlərini tutmuşlar. Ümid edirəm ki, gələcəkdə də onlar Azərbaycanda olan biznes imkanlarından istifadə edərək, öz maraqlarına uyğun olaraq işlərini quracaqlar.
Dünən mən Bakıda Norveçin neft və qaz tərəfdaşlarının Xəzər regionunda texnologiya məsələlərinin həllinə həsr olunmuş çox maraqlı seminarında iştirak etmişəm. Bu seminar Azərbaycanın, Norveçin və digər ölkələrin şirkətlərinin nümayəndələrinin böyük marağına səbəb olmuşdur. Seminarla neft və qaz sərgisinin eyni vaxta təsadüf etməsi Azərbaycanla Norveç şirkətləri arasında çox güclü əlaqələr olduğunu bir daha sübut edir.
Hörmətli Prezident!
Azərbaycanla Norveç şirkətləri arasındakı biznes əlaqələrinin möhkəmlənməsi ölkələrimizin hökumətləri arasında da münasibətlərin inkişafına səbəb olmuşdur. Əlaqələrimizin daha da genişlənməsi və möhkəmlənməsi üçün son on ildə müxtəlif seminarlar, görüşlər keçirilmişdir. Hər iki ölkə öz neft sektorlarını beynəlxalq şirkətlərin üzünə açmışdır və onların təcrübəsindən, biliyindən bəhrələnmişdir. Azərbaycan iqtisadiyyatı keçid dövründə olduğuna görə, əlbəttə ki, onun sabitliyi, şəffaflığı üçün uzun bir müddət lazımdır. Beynəlxalq neft şirkətlərini qane edən mühüm ölkələr kimi, Norveç və Azərbaycan neft fəaliyyəti üçün bu əsas qaydaların müəyyən edilməsi sahəsində daha çox iş görməkdə və səy göstərməkdədirlər.
Cənab Prezident!
İcazə verin, “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004” XI beynəlxalq sərgi və konfransın iştirakçılarına bir daha öz təbriklərimi, təşəkkürümü bildirim.
Diqqətinizə görə sağ olun.
X X X
Gürcüstan yanacaq və energetika nazirinin müavini İsaq Novruzova söz verildi