Norveçin Vartland qəzetində Ermənistanla sərhəd bölgəsində baş verən hadisələrə aydınlıq gətirilib
Stokholm, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov bu ölkənin Vartland qəzetində Ermənistanla sərhəd bölgəsində baş verən son hadisələrə aydınlıq gətirib.
AZƏRTAC xəbər verir ki, məqalədə tarixə nəzər salan səfir Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoyduğunu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğal olunduğunu, bu ərazilərin 30 il ərzində talan edildiyini və ermənilərin törətdiyi digər cinayətləri xatırladıb. O, bu hadisələrin erməni tərəfi tərəfindən törədilən kütləvi qırğınlar və ağır cinayətlərlə müşahidə olunduğunu da vurğulayıb.
Ölkəmizin uzun illər sürən danışıqlardan sonra 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinə tam uyğun olaraq torpaqlarımızı işğaldan azad etdiyini də bildirən səfir Ermənistanın işğalda saxladığı ərazilərdə bir milyona yaxın mina yerləşdirdiyini və bunun azərbaycanlı məcburi köçkünlərin böyük hissəsinin öz evlərinə qayıtmasına mane olduğunu diqqətə çatdırıb.
Münaqişəyə son qoyan üçtərəfli Bəyanatın Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını, iki ölkə arasında kommunikasiyaların açılmasını və sərhədlərin delimitasiyasını tələb etdiyini də vurğulayan səfir deyib: “Ermənistan indiyədək bu müddəaları yerinə yetirməkdən, eləcə də sülh sazişi imzalamaqdan imtina edib”.
İki ölkə arasında son həftə baş verən toqquşmalar haqqında da bəhs edilən məqalədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Brüssel görüşündə hər iki tərəfin gələcək sülh sazişini müzakirə etdiyi də diqqətə çatdırılıb. Məqalədə, həmçinin görüşdən sonra Ermənistanın sülh prosesindən yaxa qurtarmaq üçün silahlı təxribatlara əl atdığı vurğulanıb.
Mətndə qeyd olunur ki, baş verən hadisələrdə heç bir mülki infrastruktur hədəfə alınmayıb. Erməni təxribatının nəticəsində Azərbaycan hərbçilərinin şəhid olduğu bildirilib. “İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparan Azərbaycan burada gərginliyin artmasında maraqlı deyil və Ermənistanla ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişi imzalamağa hazırdır”, - deyə məqalədə bildirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm