DÜNYA
Noyabrın 30-da dünya ictimaiyyəti üç əlamətdar günü qeyd edir
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da dünya ictimaiyyəti üç əlamətdar günü qeyd edir.
AZƏRTAC həmin əlamətdar günləri təqdim edir.
Ümumdünya Ev Heyvanları Günü
Bu bayramın təsis edilməsi ideyası 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən təbiəti mühafizə hərəkatı tərəfdarlarının Beynəlxalq Konqresində irəli sürülüb. Sonra müxtəlif ekoloji təşkilatlar və cəmiyyətlər insanlara planetdəki bütün canlılar, o cümlədən ev heyvanları üçün məsuliyyət hissi aşılamaq məqsədi daşıyan müxtəlif kütləvi tədbirlər keçirməyə hazır olduqlarını bəyan ediblər.
Ümumdünya Ev Heyvanları Gününə həsr edilmiş tədbirlər çox müxtəlifdir və hər ölkədə fərqli şəkildə keçirilir. Bəzi ölkələrdə heyvanların qəddar davranışdan müdafiəsi üçün piketlər, digər ölkələrdə heyvanlar üçün sığınacaq və ya klinikalar yaradılmasına kömək məqsədilə fləş-moblar, üçüncü ölkələrdə pişik və it sərgiləri, digər maraqlı tədbirlər təşkil olunur. Son illərdə Ümumdünya Ev Heyvanları Günündə “Zınqırov” aksiyası keçirmək ənənəsi bütün dünyada geniş yayılmaqdadır. Bu tədbir zamanı hər hansı ölkənin və ya şəhərin heyvanxanalarında bir dəqiqə ərzində zınqırovlar səslənir, beləliklə hamının diqqəti heyvanların müdafiəsi problemlərinə cəlb olunur.
Bütün bu aksiya və tədbirlərin əsas məqsədi geniş ictimaiyyətin (ilk növbədə böyüməkdə olan nəslin) diqqətini ev heyvanlarının (o cümlədən sahibsiz heyvanların) problemlərinə cəlb etmək, onlara və ümumiyyətlə canlı təbiətə qayğıkeş münasibət, ev heyvanlarının qorunması üçün məsuliyyət hissi tərbiyə etməkdir.
Kimyəvi Silahların Qurbanlarının Anım Günü
Bu anım günü İlk dəfə aprelin 29-da qeyd olunub. Həmin tarix ona görə seçilib ki, 1997-ci il aprelin 29-da kimyəvi silahların hazırlanması, istehsalı, yığılması, istifadəsinin qadağan və məhv edilməsi haqqında Beynəlxalq Konvensiya qüvvəyə minib. Dünyanın demək olar ki, bütün ölkələri Kimyəvi Silahlar Konvensiyasına qoşulub və onun şərtlərinə əməl olunmasına Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) nəzarət edir.
2015-ci ilin dekabrında OPCW-nin növbəti sessiyasında Kimyəvi Silahların Qurbanlarının Anım Gününün 30 noyabr tarixinə keçirilməsi qərara alınıb.
Beynəlxalq İnformasiya Mühafizəsi Günü (Kompüter Təhlükəsizliyi Günü)
Amerika Kompüter Avadanlıqları Assosiasiyası tərəfindən elan edilmiş bu əlamətdar gün 1988-ci ildən qeyd olunur. Onun məqsədi istifadəçilərə kompüterlərini və onlarda saxlanılan bütün məlumatları qorumaq zərurətini xatırlatmaqdır.
1988-ci il noyabrın 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər. O vaxtdan Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Dünya ictimaiyyəti tərəfindən qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü kompüter sistemləri və şəbəkələrində informasiyanın etibarlı mühafizəsi, aparat və proqram vasitələri istehsalçılarının və istifadəçilərinin diqqətinin təhlükəsizlik problemlərinə yönəldilməsi, bu sahədə tədbirlərin həyata keçirilməsi və digər məqsədlərə xidmət edir. İnformasiya təhlükəsizliyi məsələləri Azərbaycanın dövlətinin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biridir. Bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən biridir.