SİYASƏT
NYU-YORK AZƏRBAYCANLILARI HƏMRƏYLİK GÜNÜNÜ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu-Yorkdakı “Bakı Sarayı” ziyafət salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə toplantı keçirmişdir.
Nümayəndəliyin əməkdaşı Lalə Mehdiyeva demişdir ki, ABŞ-ın qərb ərazisindəki müxtəlif ştatlarda yaşayan yüzlərlə azərbaycanlının iştirak etdiyi toplantı Birləşmiş Ştatlar və Azərbaycan Respublikasının dövlət himnlərinin sədaları altında açılmışdır. Sonra Prezident İlham Əliyevin bayram münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev suverenliyini bərpa etdikdən sonra ölkəmizin milli dövlət quruculuğu sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən danışmışdır. Səfir vurğulamışdır ki, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirən, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun liderinə çevrilən ölkəmiz dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın qürur yerinə çevrilib və Azərbaycanın milli maraqları ətrafında sıx birləşmək üçün zəmin yaradıb. 2007-ci ilin Azərbaycan üçün çox uğurlu olduğunu deyən diplomat, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icması təşkilatlarının il boyu gördüyü işləri də təqdirəlayiq hesab etmişdir.
Ən qədim diaspor təşkilatlarımızdan biri olan Azərbaycan-Amerika Cəmiyyətinin 50 illik yubileyi, oktyabrın 18-nin Nyu-Yorkda Azərbaycanın Müstəqillik günü kimi elan edilməsi və şəhərin mərkəzində Azərbaycan bayrağının qaldırılması, Nyu-York meri Maykl Blumberq tərəfindən Novruz bayramının öz iqamətgahında təşkil etdiyi böyük ziyafətlə qeyd edilməsi başa çatan ilin ən yadda qalan hadisələrindən olmuşdur. Bundan başqa, Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən Azərbaycan dilinin, mədəniyyətinin təbliğ olunması məqsədilə Azərbaycan dili məktəbinin açılması, “Soydaş” rəqs ansamblının yaradılması, “Azərbaycana baxış” adlı qəzetin nəşr edilməsi ABŞ-da yaşayan icmamızın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar idi.
Toplantıda söz alan Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Əli Nəsibov icma üzvlərinə müraciət edərək, Amerikada böyüyən gənc nəslimizi həftə sonu Azərbaycan məktəbinə və rəqs qrupuna cəlb etməyə çağırmışdır. Qeyd edək ki, ayda bir dəfə işıq üzü görəcək Assosiasiyanın qəzeti ilk buraxılışında Azərbaycanın işğal edilmiş ərazilərində dağıdılan mədəni irsimiz, Qarabağın tarixi, Azərbaycan Respublikası haqqında yazılara geniş yer ayırmışdır.
Azərbaycan Dağ Yəhudiləri İcmasının nümayəndəsi yazıçı Raşpil Şamayev də Həmrəylik günü ilə bağlı təbriklərini icma üzvlərimizə çatdırmışdır. O, dünya azərbaycanlılarının bayramının yaradılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışaraq, 2001-ci və 2006-ci illərdə dünya azərbaycanlılarının Bakıda keçirilən qurultaylarının xalqımızın birliyi və vahid məqsəd uğrunda mübarizəyə səfərbər olunmasında mühüm əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, dağ yəhudiləri Azərbaycanı doğma Vətən adlandıraraq, bu gün də bütün Azərbaycan xalqı ilə həmrəydilər.
Daha sonra “Biz azərbaycanlıyıq” və “Biz 50 milyonluq xalqıq” adlı sənədli filmlər nümayiş etdirilmişdir.
Toplantı milli musiqimizin sədaları altında Azərbaycan mətbəxinin ləziz yeməklərindən ibarət ziyafətlə başa çatmışdır.