Oğuzlular soyqırımı qurbanlarının xatirəsini yad etmişlər
Oğuz, 31 mart (AZƏRTAC). 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətində keçirilən tədbirin əvvəlində soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışmış, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulamışdır.
Rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanskinin “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə və çıxışlarda XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi, 1918-ci ilin mart qırğınları, daşnakların həyata keçirdiyi bədnam “böyük Ermənistan” siyasəti və Qafqazın milli qırğınlar alovuna bürünməsi, XX əsrin ortalarında azərbaycanlıların Ermənistandakı tarixi etnik torpaqlarından kütləvi surətdə qovulması və digər məsələlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, ermənilər tərəfindən soyqırımı siyasəti indi də davam etdirilir. Xalqımız 20 Yanvar və Xocalı kimi misli görünməmiş faciələr yaşamış, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşmüşdür.
Çıxışlarda 31 martın soyqırımı günü kimi tariximizə və qan yaddaşımıza əbədi həkk olunduğu xüsusi vurğulanmışdır.