İDMAN
Olimpiya çempionu: Dünya kuboku yarışları “Tokio-2020”yə lisenziya baxımından çox önəmli turnirdir
Bakı, 15 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Bakıda gimnastika yarışlarının təşkil olunduğu arena möhtəşəmdir. Etiraf edim ki, paytaxtınız ən çox sevdiyim şəhərlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında çıxış edən belaruslu Olimpiya çempionu Vladislav Qançarov deyib.
Bakıda özünü rahat hiss etdiyini bildirən belaruslu gimnast deyib: “2021-ci ildə batut gimnastikası üzrə dünya çempionatı Bakıda təşkil olunacaq. Bu, bizim üçün sevindirici haldır. Çünki biz buradakı şəraitə tam alışmışıq və Bakıda idmançılar üçün geniş imkanlar var”.
Milli Gimnastika Arenasındakı çıxışından danışan V.Qançarov bildirib: “Proqramımı daha da yaxşı təqdim edə bilərdim. Bir az səhvə yol verdim. Hündürlüyə qalxa bilmədiyim üçün çıxışım istədiyim kimi olmadı. Ümid edirəm ki, mükafatçılar sırasında yer ala biləcəyəm. Dünya kuboku yarışları “Tokio-2020” Olimpiadasına lisenziya qazandırdığı üçün çox önəmli yarışdır.
Xatırladaq ki, iki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.