Ölkəmizdəki dövlət-xalq-ordu birliyi bizim haqq savaşımızdakı Qələbəmizi daha da tezləşdirdi
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Bu gün doğma Vətənimizin hər yerində olduğu kimi, Naxçıvanda da Böyük Qələbə xəbəri sevinc və coşqu hissi ilə qarşılanır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan şəhər sakini Elnur Əsgərov deyib.
“30 illik erməni işğalına son qoyulması xəbəri hər bir azərbaycanlı kimi məni də çox sevindirdi, qürurlandırdı”, - deyən Elnur Əsgərov qeyd edib ki, uzun müddətdir ata-baba yurdlarından didərgin düşmüş həmvətənlərimiz tezliklə öz torpaqlarına qayıdacaq və yenə də o yurdlarda qurub-yaradacaqlar.
O bildirib ki, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi, ölkəmizdəki dövlət-xalq-ordu birliyi bizim haqq savaşımızdakı qələbəmizi daha da tezləşdirdi. Müharibə dövründə hər bir Azərbaycan vətəndaşının həmrəylik göstərməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayıb və barışmayacaq da. Ali Baş Komandanın qətiyyətli mövqeyi və Azərbaycan əsgərinin rəşadət və şücaəti nəticəsində düşmənin müqaviməti qırıldı və biz bu gün Böyük Qələbəni qeyd edirik.