İQTİSADİYYAT
ÖLKƏYƏ KƏNARDAN QUŞ ƏTİ VƏ YUMURTA GƏTİRMƏYƏ EHTİYAC YOXDUR
“Azərtoyuq” İstehsalat Assosiasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, uğurla aparılan aqrar islahatlar, vergi, gömrük, qiymət, bank sahələrinin işinin təkmilləşdirilməsi ölkədə quşçuluğun da inkişafına təkan vermişdir. Keçmiş quşçuluq təsərrüfatlarının bazasında özəlləşdirilmiş “Mərdəkan broyler”, “Dəvəçi broyler”, “Siyəzən broyler” açıq tipli səhmdar cəmiyyətləri yaradılmış, Giləzi, Mərdəkan, Hövsan, Goradil, Hacıqabul, Sabirabad quşçuluq fabriklərinin işi bərpa olunmuşdur. Bundan əlavə, bir neçə özəl quşçuluq təsərrüfatı da fəaliyyət göstərir. İndi bunlarda gün ərzində təqribən 1,5 milyon ədəd yumurta, 50-60 ton toyuq əti istehsal olunur. Beləliklə, daha respublikaya kənardan ucuz və keyfiyyətsiz məhsullar gətirilməsinə ehtiyac qalmamışdır. Əksinə, indi Azərbaycan özü xaricə məhsul sata bilir. Gürcüstana yumurta satışı qaydaya salınmışdır, Rusiya və Qazaxıstanın yaxın vilayətlərinə yumurta göndərilməsi barədə isə danışıqlar aparılır.
Bolluq məhsulların qiymətinin də aşağı düşməsinə təsir etmişdir. Ancaq istehsal olunan məhsulun maya dəyəri hələ də yüksəkdir. Bu, sahənin inkişafı, istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün lazım olan xammal və materialların, damazlıq vasitələrinin, dərman preparatlarının, vitaminlərin, yem komponentlərinin, texnoloji avadanlığın, ehtiyat hissələrinin xaricdən gətirilməsi ilə bağlıdır.
Mütəxəssislər, sahibkarlar, o cümlədən fermerlər sahənin inkişafinda “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunu müsbət qiymətləndirməklə yanaşı, bu fikirdədirlər ki, daxili bazar qorunsa, digər müvafiq tədbirlər görülsə, daha çox və ucuz məhsul istehsal etmək mümkündür.
Xatırladaq ki, sahənin dirçəldilməsi məşğulluq probleminin həllinə də kömək etmişdir. İndi bu sahədəki müəssisələrdə 5 min nəfərə yaxın adam çalışır.