On ayda idxal və ixrac edilən məhsullar açıqlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
On ayda ölkədən idxal və ixrac edilən məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağları idxalı 8,8 faiz, təzə meyvə 13,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 22,9 faiz, çay 2,1 faiz, mal əti 17,6 faiz, təzə tərəvəz 37,5 faiz, minik avtomobilləri 24,8 faiz, dərman vasitələri 46 faiz, hesablama maşınları, blok və qurğuları 23,3 faiz, qara metallardan çubuqlar 1,6 dəfə artıb.
Eyni zamanda, buğda idxalı isə 16,7 faiz, xam şəkər və şəkər 18,1 faiz, kartof 9,8 faiz, quş əti və onun əlavə məhsulları 20,5 faiz, siqaretlər 75,4 faiz, qara metallardan borular 20,2 faiz, polad prokatı 8,8 faiz, mineral gübrələr 5,2 faiz, rezin şinlər 17,8 faiz, mebellər 23,8 faiz, yük avtomobilləri 7,8 faiz, məişət kondisionerləri 33 faiz, polietilen 24,2 faiz, paltaryuyan maşınlar 3,7 faiz, qara metallardan künclüklər 12 faiz, avtobuslar - 64,6 faiz, məişət soyuducuları 7,4 faiz, sement və sement klinkerləri 25,9 faiz azalıb.
On ayda mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,1 faiz, kartof 31,7 faiz, meyvə və tərəvəz şirələri 20,7 faiz, bitki yağları 51,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 20,7 faiz, pambıq lifi 11,4 faiz, polietilen 15,6 faiz, qara metallardan borular 1,9 dəfə, bentonit gili 3,8 faiz artıb.
Təzə meyvə ixracı isə 13 faiz, şəkər 30 faiz, tütün 26,1 faiz, çay 5,5 faiz, meyvə və tərəvəz konservləri 0,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 59 faiz, emal olunmamış alüminium 22,4 faiz, pambıq ipliyi 35,6 faiz, qara metallardan yarımfabrikatlar 54,8 faiz azalıb.