CƏMİYYƏT
On doqquz yaşlı gəncin qisası



Bakı, 28 sentyabr, AZƏRTAC
Qəhrəmanlıq üçün bir gün, bəzən bir saat, bəzən də bir neçə saniyə, hətta bir an da kifayət edir...
Əlbəttə ki, bu, daha çox vəziyyətdən, şəraitdən asılıdır...
Cəbrayıl Dövlətzadənin qəhrəmanlığı üçün iki gün - sentyabrın 28-də Vətən müharibəsinin ikinci günü getdiyi ilk əməliyyat bəs elədi...
AZƏRTAC xəbər verir ki, o, 2001-ci il sentyabrın 11-də Sumqayıtın Corat qəsəbəsində doğulub. Əslən zəngilanlı idi. Ailədə bir bacı və iki qardaş olublar. Orta təhsilinə Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Tale onu erkən yaşlarından əmək fəaliyyəti ilə məşğul olmağa, ailəsinə kömək etməyə məcbur edib. 12-13 yaşlarından iaşə müəssisələrində ofisiant işləyib. 9 il cüdo ilə məşğul olub. Solaxay olsa da, rəsm çəkmək qabiliyyətinə malik olub, gitara ifa edib, rep musiqinə maraq göstərib. Hətta 3-4 rep də yazıb.
Hərbi xidmətini Cəlilabadda Sərhəd Qoşunlarının sıralarında çəkib. Öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələrdə təlim keçib. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması Cəbrayılı çox məyus edib. Onun qanının yerdə qalmayacağına söz verib.
Anası Məleykə Məmmədzadə xatırlayır: “Cəbrayıl başqa övlad idi, O, lap uşaqlığından özünü ailə başçısı kimi aparırdı. Bir dəfə qonşu uşağı kiçik qardaşını döymüşdü. Evə gələndə Cəbrayıl bunu bildi. Gedib qonşu uşağına deyib ki, mən də səndən böyüyəm, istəsəm, mən də səndən bunun əvəzini çıxaram, amma mən bunu etmirəm. Sən həmişə özündən kiçikləri döyməyə yox, onları qorumağa çalış. Hadisədən az sonra qonşu uşağı gəlib kiçik oğlumdan üzr istədi. Yəni onda bu cür böyüklük etmək qabiliyyəti var idi...”.
Məleykə xanım oğlu ilə sonuncu görüşünü də xatırlayır: “Vətən müharibəsindən təxminən bir ay qabaq gedib onunla görüşdüm. Poliqonda keçirilən məşqdən təzəcə qayıtmışdı, bədəni tər içində idi. Çoxlu məşqlər sayəsində onun qolları, bədəni daş kimi möhkəm olmuşdu. Onun bədənindən o qədər gözəl qoxu gəlirdi, elə bil cənnət qoxusu idi. Hətta anama zəng edib dedim ki, Cəbrayıldan cənnət qoxusu gəlir. Sentyabrın 19-da onunla sonuncu dəfə telefonla danışdım”.
Sentyabrın 28-də isə Murov yüksəkliyində düşmən mövqelərini və xüsusi postların ələ keçirilməsi üçün keçirilən əməliyyatda Cəbrayıl da könüllü olaraq iştirak edib. Əməliyyata 11 zabitlə birlikdə gedib. Erməni mövqelərinə yaxınlaşanda yoldaşlarını geri qaytarmaq istəyərək onlara deyib: “Siz hamınız evlisiniz, mən isə subay. Ona görə irəli mən gedəcəyəm”. Çox çalışsalar da, onu geri qaytara bilməyiblər. O, erməni kazarmasının qarşısında erməni generalın maşınını partladıb, sonra kazarmaya girib. Onunla əməliyyata gedən zabit yoldaşlarının dediyinə görə, kazarmaya daxil olaraq orada düşmənin yüksək rütbəli zabitini məhv edib, erməni generalını isə əlləri ilə boğaraq öldürüb. Tapşırığı yerinə yetirib geri qayıdanda ermənilər onu minomyotla atəşə tutublar. Minomyot gülləsi Cəbrayılın ayağının şah damarını parçalayıb. Ağır yaralanıb, ermənilər onu əsir götürməyə çalışsalar da, yoldaşları onu düşmənin güllə kimi yağan atəşləri altından çıxarmağa nail olublar. Çoxlu qan itirdiyindən gözlərini əbədi olaraq yumub. Son nəfəsində də sağ əlinin baş barmağını yuxarı qaldıraraq hər şeyin yaxşı olduğuna işarə edib”...
O, özünün bu əməli ilə general Polad Həşimovun qisasını aldı.
İllər ötəcək, 19 yaşı təzə tamam olmuş gəncin qəhrəmanlığı zaman-zaman xatırlanacaq, tarix boyu neçə-neçə nəsillərə örnək olacaq...
Cəbrayıl Dövlətzadə ölümündən sonra “Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. İkinci Fəxri xiyabanda general Polad Həşimovun yanında torpağa tapşırılıb.