On mindən çox Xəzər qızılbalığı körpəsi dənizə buraxılıb
Bakı, 14 aprel, AZƏRTAC
Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Bakının Qaradağ rayonu akvatoriyasına balıq körpələri buraxılıb.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin rəsmilərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib. Qeyd olunub ki, tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına “Qırmızı kitab” növü olan 10 mindən çox Xəzər qızılbalığı körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.
Xidmət rəisi aprelin sonundan su hövzələrində balıq ovlanmasının qadağan ediləcəyini də diqqətə çatdırıb: “Balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq. Mayın 1-dən etibarən balıq ovlanması qanun pozuntusu hesab olunacaq. Qanunazidd hərəkətlərin qarşısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qətiyyətlə alınacaq. Odur ki, vətəndaşları qaydalara riayət etməyə və balıq populyasiyasının artırılmasına dəstək olmağa çağırırıq. Bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edirik ki, buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərsinlər, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!" aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə versinlər”.