Ordubadda qaya uçub - yolda hərəkət məhdudlaşdırılıb, qaz xətləri sıradan çıxıb
Naxçıvan, 16 aprel, AZƏRTAC
Yağan güclü yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə baş verən andan yolda hərəkət məhdudlaşdırılıb. İlkin məlumata görə infrastruktura ciddi ziyan dəyib, ərazidən keçən qaz xətləri sıradan çıxıb. Hazırda ərazidə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmizləmə və bərpa işləri aparılır.
Qeyd edək ki, yolun bir istiqaməti nəqliyyat vasitələrinin hərəkəti üçün artıq açıqdır. Bərpa işlərinin gedişatına dair əlavə məlumat veriləcək.
Müxbir - Nail Əsgərov