ELM VƏ TƏHSİL
Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu



Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda II Qarabağ müharibəsinin şəhidlərinin xatirəsi yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan institutun baş direktoru akademik Arif Həşimov 2020-ci ilin bu günü Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını vurğulayıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğalın sona çatması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs edib.
Anım tədbirində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik Arif Həşimov bu günlərdə düşmənlərə qarşı aparılan antiterror tədbirlərindən də bəhs edib. Bildirib ki, 24 saatdan da az davam edən əməliyyat nəticəsində müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıq nəticəsində separatçılar təslim oldu. Azərbaycanın Qarabağ üzərində suverenliyi möhkəmləndi. O, əldə olunan bütün nəticələrin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olduğunu vurğulayıb. A.Həşimov Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə göstərilən humanitar yardımlardan, onların inteqrasiyasından bəhs edib.
Anım tədbirində fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov, Lalə Əliyeva və elmi işçi Bayram Xudayarov çıxış ediblər.