İDMAN
ORTA MƏKTƏBİN KOMANDASI DÜNYA FUTBOL ÇEMPİONATININ OYUNUNU YAXINDAN SEYR EDƏCƏK
Təhsil, Gənclər və İdman nazirliklərinin, AFFA-nın dəstəyi ilə aprel-may aylarında keçirilən yarışlarda Bakının 144, Sumqayıtın və Gəncənin hər birinin 24 orta məktəbinin komandası iştirak etmişdir. Yarımfinal və final oyunları Bakı İdman Sarayında keçirilmişdir.
Bakının 300 nömrəli məktəbi birinci, 236 nömrəli məktəbi ikinci, Gəncənin 26 nömrəli məktəbi üçüncü yer tutmuşlar. Komandalara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Beləliklə, 300 nömrəli orta məktəbin komandası və ötənilki turnirin iki ən yaxşı futbolçusu iyunun 9-dan iyulun 9-dək Almaniyada keçiriləcək dünya futbol çempionatının dörddəbir final oyunlarından birini bilavasitə yaxından seyr etmək imkanı qazanmışdır.
Xatırladaq ki, Coca-cola şirkəti futbolun inkişafına komək məqsədi ilə bu turniri ötən il ilk dəfə Azərbaycanda keçirmişdi. Bu il isə yarışlar Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda da təşkil olunmuşdur.