ELM VƏ TƏHSİL
Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının final mərhələsi







Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının final mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, paytaxtın 20 nömrəli məktəb-liseyində keçirilən final mərhələsində türk ölkələrini təmsil edən şagirdlər iştirak ediblər.
Tədbirdə BŞTİ müdiri Mehriban Vəliyeva olimpiadaya qatılan bütün iştirakçılara uğurlar arzulayıb. Ortaq Türk Dünyası Olimpiadasının əhəmiyyəti barədə danışan idarə müdiri olimpiadanın gələcəyimiz olan gənclərin öz soy-kökünə bağlı və milli ruhda yetişməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Olimpiadada şagirdlər ümumilikdə ortaq türk dünyası tarixi və mədəniyyətini əhatə edən 30 sualı cavablandırıblar. Sualların cavablandırılması üçün şagirdlərə 1 saat (60 dəqiqə) vaxt verilib.
Final mərhələsinin nəticələrinə əsasən, hər ölkədən 1 nəfər I yerə (onlardan ən yüksək nəticə əldə edən 1 nəfər “Birincilərin birincisi” adını qazanacaq), 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görüləcək. Digər şagirdlərə sertifikat təqdim olunacaq.
Qeyd edək ki, türk ölkələrini təmsil edən şagirdlər iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan “Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcək.
Final mərhələsində BŞTİ-nin struktur bölmə rəhbərləri və Ortaq Türk Dünyası Olimpiadasının Təşkilat komitəsinin üzvləri iştirak ediblər.