ORXAN ƏHMƏDOV GÜLƏŞ ÜZRƏ DÜNYA BİRİNCİLİYİNİN QALİBİ OLDU
Bakı, 6 avqust (AZƏRTAC). Ankarada keçirilən güləş üzrə gənclərin Dünya birinciliyində yunan-Roma yarışlarına yekun vurulmuşdur. Bu növ üzrə mübarizənin 2-ci günündə Azərbaycan yığma komandası daha bir qızıl medal qazanmışdır.
55 kq çəki dərəcəsində çıxış edən son Avropa birinciliyinin qalibi Orxan Əhmədov öz çəkisində dünyanın da ən güclüsü olduğunu sübut etmişdir. Mübarizəyə 1/8 finaldan qoşulan Orxan əvvəlcə estoniyalı Dmitri Qorjuskonu məğlubiyyətə uğratmışdır (6:0, 8:1). ¼ finalda qazaxıstanlı Madi Zarbolovla görüşün ilk hissəsi Orxan üçün uğurlu keçməyib (0:6), amma 2-ci və 3-cü hissələrdə özünü toparlayan təmsilçimiz rəqibə heç bir şans verməmişdir (6:0, 7:0). Yarımfinalda qırğızıstanlı Kanibek Yolçubekov da Orxanın qarşısında duruş gətirə bilməmişdir (0:2, 6:0, 7:1). Nəhayət dünya çempionu adı uğrunda görüşdə iranlı Məhəmməd Hatəmi ilə üz-üzə gələn pəhləvanımız 2:0, 2:0 hesabla qələbə qazanmışdır.
Döşək üzərinə çıxan digər iki güləşçimizə gəlincə, Rüstəm Əliyev (66 kq) və Murtuza Tağıyev (84 kq) dünya birinciliyini 5-ci pillədə başa vurmuşlar.
Beləliklə, Azərbaycan yığma komandası yunan-Roma növündə 2 qızıl və 1 bürünc medal əldə etmişdir.
Xatırladaq ki, ilk yarış günü Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medal qazanmışdılar.
Komanda hesabında Azərbaycan 40 xalla Rusiya (60 xal) və İrandan (49 xal) geri qalmaqla 3-cü yeri tutmuşdur.
Avqustun 6-7-də dünya birinciliyində qızlar öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Azərbaycan bu növdə yalnız bir idmançı - Əminə Abbasova (48 kq) ilə təmsil olunur.
######
