İDMAN
Oskar Piastri: Formula 1-in Bakı mərhələsi həmişə maraqlı olur
Bakı, 10 sentyabr, AZƏRTAC
Bir neçə qələbə və podiumlardan sonra Formula 1 “McLaren” komandası Bakıda uğurlu çıxışa ümid edir.
AZƏRTAC xəbər verir ki, pilot Lando Norris deyib: “Avropa mərhələsini ardıcıl 12-ci podiumumuzda ilk üçlükdə bitirmək əla idi. Mühəndislərlə birlikdə Monza avtodromundakı yürüşü təhlil etdik və həm mənim, həm də komandanın daha yüksək nəticələr əldə etmək imkanını tapdıq.
Məqsəd aydındır; komanda işləməyə və irəliləməyə davam edəcək. İki çempionatda mübarizə aparırıq və əzmkarıq. Mən komanda ilə fəxr edirəm və bu həftə sonu nailiyyətlərimizi də tez qiymətləndirmək istəyirəm”.
Avstraliyalı pilot Oskar Piastri isə deyib: “Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Artıq bir neçə aydır ki, küçələrdə yarışa çıxmırıq və Bakıda yarış həmişə maraqlı olur. Mənim nikbin proqnozlarım var. Sürətli bolidə malikik, yeni məhsullar yaxşı işləyir, müxtəlif növ yollarda rəqabət aparırıq.
Keçən həftə ardıcıl iki Qran-Priyə hazırlaşmaq üçün bazaya qayıtdım. Mühəndislərlə birlikdə daha yüksək nəticəyə necə nail olacağımızı təhlil etdik. Hər yarışda çoxlu xal qazandıq və ümid edirəm ki, bu həftə sonu da istisna olmayacaq”.
Komandanın direktoru Andrea Stella bildirib: “Monzadan daha iki kubokla ayrılaraq, indi Azərbaycan Qran-Prisini səbirsizliklə gözləyirik. Bakıdakı yarış həm azarkeşlər, həm də komanda üçün maraqlı olur.
Müxtəlif traslarda rəqabət aparan bolidimiz, ardıcıl olaraq xal qazanan iki əla sürücümüz var. Mövsümün son üçüncü hissəsini səbirsizliklə gözləyirik”.