Ötən ay respublika ərazisində 92 sürüşmə hadisəsi qeydə alınıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası sentyabrda ekzogen geoloji proseslərin dinamikası üzərində davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 92 sürüşmə hadisəsi qeydə alınıb.
Bu barədə AZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində həm atmosfer yağıntılarının (təbii amillər), həm texnogen amillərin, Günəşli yaylası çökmə sahəsində isə təbii faktorların təsirindən sürüşmə prosesində nisbi aktivlik qeydə alınıb. Bundan əlavə, Binəqədi rayonunda, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində prosesin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Masazır sürüşmə sahəsi - M.İbrahimov küçəsi boyunca təbii amillər, Nübar qəsəbəsində atmosfer yağıntıları sürüşmə sahələrində , Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub. Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Qala qəsəbəsi subasma sahələrində, Daş Karxanası yaşayış massivində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib.