Ötən il 562,5 milyon manatlıq maliyyə pozuntusu aşkar edilib
Bakı, 8 aprel, AZƏRTAC
2023-cü ildə Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbirlərində uyğunluq predmetləri üzrə büdcəyə zərərin məbləği 103,2 milyon manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2023-cü il üçün fəaliyyəti üzrə illik hesabatında yer alıb.
Hesabatda bildirilib ki, 60,7 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi üçün Hesablama Palatası tərəfindən istiqamətlər verilib.
28,8 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində müəyyənləşdirilməmiş və bu ödənişlərdən bir qisminin dayandırılması barədə qərar verilib.
13,7 milyon manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.